Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkəndə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı ölkələr arasında hərbi əməkdaşlığın gedişatı və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır. Azərbaycanın müdafiə naziri S.Əbiyevin Özbəkistan Respublikasının yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.