"MSK-ya edilən şikayətlərin araşdırılması prosesi bir daha sübut etdi ki, seçki keçirilən dairələrin hamısında nəticələri şübhə altına ala biləcək hər hansı bir addıma yol verilməyib. Baş verən bəzi qanun pozuntuları öz qanuni qiymətini alıb və bir sıra məntəqələrdə seçkinin nəticələri ləğv olunub. Yəqin ki, bu məsələ ilə bağlı cavabdehlik daşıyan insanlar da məsuliyyətlərini dərk edirlər". Bu fikirləri hakim partiyanın rəsmi saytına müsahibəsində vitse-spiker Bahar Muradova deyib. B.Muradova deyib ki, bu seçkidə iştirak edib uğur qazanmayanların məhdud sayda bir qismi fərqli düşüncədə ola bilər: "Onlar düşünə bilərlər ki, məğlubiyyətləri fərqli bir fəaliyyətin nəticəsidir. Amma bu düşüncə sahibləri hər zaman olduqları kimi bu dəfə də yanlış yoldadırlar. Azərbaycanda demokratik, azad cəmiyyət mövcuddur. Hər bir kəs öz mövqeyini istədiyi formada ifadə edə bilər və ifadə azadlığı hər kəsə verilib. Bu səbəbdən belə fərqli düşüncələrin olmasını normal qəbul edirəm. Amma hesab edirəm ki, bu, parlamentin bundan sonrakı fəaliyyətinə kölgə sala biləcək hər hansı bir təsirə malik deyil. Kimlərsə, məsələnin qanuni yolla araşdırılmasını istəyirsə, qarşıda qanunla araşdırma aparacaq instansiyalar var və buyurub həmin instansiyalara müraciətlər edə bilərlər".