Bank of Baku ASC 2009-cu ilin göstəriciləri ilə müqayisədə 2010-cu ilin 9 ayı ərzində əsas maliyyə göstəricilərində yüksək artım nümayiş etdirib. Bankın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, 30 sentyabr 2010-cu il tarixinə bankın xalis mənfəəti 10 756 min AZN təşkil edib. Bu göstərici 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 72% artıb. 2010-cu ilin ilk doqquz ayının nəticələrinə görə, bankın ROE (vergi çıxıldıqdan sonra xalis mənfəəti həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi 38,04%, ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi isə 6,97% təşkil edib. Bankın aktivləri keçən ilin analoji göstəricisi ilə müqayisədə 28% artaraq 228 930 min AZN təşkil edib. Müştəriləri üçün müntəzəm olaraq həyata keçirdiyi uğurlu kredit kampaniyaları nəticəsində bankın kredit portfelinin həcmi 2009-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə 33% artaraq 179 762 min AZN təşkil edib. O cümlədən, 2009-cu ilin sentyabr ayının göstəriciləri ilə müqayisədə istehlak kreditlərinin həcmi 50% artaraq 125 302 min AZN təşkil edib. 2010-cu ilin ilk 9 ayı ərzində Bank of Bakunun əmanətlərinin də xeyli artımı müşahidə olunur: 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə bankın depozit portfeli 34% genişlənərək 175 166 min AZN təşkil edib. Əhalinin müddətli depozitləri 78% artıb və 112 121 min AZN təşkil edib.