"Əgər vəziyyət indiki kimi qalacaqsa, bu şərtlə heç bir seçkidə iştirak etməyəcəyik”.

Mia.az bildirir ki, bu sözləri AXCP sədri Əli Kərimli "Amerikanın Səsi” radiosuna müsahibəsində növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sualı şərh edərkən bildirib.

Əli Kərimli vurğulayıb ki, AXCP-nin seçkidə iştirak edib-etməməyi konkret olaraq ciddi səbəblərə bağlıdır: "Seçki komissiyalarının tərkibi, ölkədə fundamental azadlıqların olub-olmaması, "Seçki Məcəlləsi”nin seçki kampaniyasına, rəqabətə imkan verib-verməməsi, ölkədə mətbuat azadlığının olub-olmaması – bu faktorlara görə seçkidə iştirak edib-etməməyimizi müəyyənləşdiririk”.

O, AXCP-nin növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb: "Tələb etdiyimiz seçki islahatları olarsa, əlbəttə ki, seçkilərdə iştirak edə bilərik”.

Əli Kərimli hakimiyyətlə dialoqa gedə biləcəklərini də istisna etməyib və bildirib ki, ölkədə demokratiyaya keçidi təmin etmək üçün dialoq ola bilər.