?AXCP-Müsavat? Seçki Blokunun 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş AXCP fəalı Kərimov Sahib Fərman oğluna və onun seçki qərargahının üzvlərinə qarşı təqib və təzyiq kampaniyasına indidən start verilib. SMİ-nin Şəki şəhərindəki nümayəndəsi Əliyev Natiqin MİA-ya verdiyi məlumata görə, ?AXCP-Müsavat? Seçki Blokunun vahid namizədi Kərimov Sahib Fərman oğlunun seçki qərargahının rəhbəri Əli Abdullayevə qarşı təzyiqlər başlayıb. 3 gün əvvəl onun işlətdiyi ticarət köşkünün qapıları polis işçiləri tərəfindən qanunsuz olaraq qıfıllanaraq möhürlənib. Bununla kifayətlənməyən yerli hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Abdullayevin işlətdiyi ticarət köşkünün sahibinə təzyiqlər edərək onu sahibkarla icarə müqaviləsini pozmağa vadar ediblər. Buna səbəb kimi isə qeyri-rəsmi olaraq Əli Abdullayevin ?AXCP-Müsavat? Seçki blokunun bu dairədən olan namizədinə imza toplanması kampaniyasında yaxından iştirak etməsi göstərilib. Kərimov Sahib Fərman oğluna imza toplayanlarla yanaşı, imza verən Şəki sakinləri də yerli icra strukturları tərəfindən amansızcasına təqib olunmaqdadır. Belə ki, Sahib Kərimova imza verməsi səbəbindən Şəki şəhər stadionunun direktoru İlyas Həsənov icra hakimiyyətinə çağrılaraq Şəki Şəhər İdman Komitəsinin rəhbərliyi tərəfindən tutduğu vəzifəsindən, heç bir rəsmi izahat verilmədən azad olunub. Bütün bunlar isə 113 saylı seçki dairəsində artıq indidən hansı mühitin hökm sürəcəyini aydın etməkdədir.