MSK-nın rəsmi internet saytında ?Adınızı seçici siyahısında axtarın? bölməsi yerləşdirilib. Həmin bölmənin funksiyası seçicilərin internet vasitəsilə adlarını seçici siyahılarına daxil edə bilməsini nəzərdə tutur. Ancaq saytın həmin funksiyaları çalışmır. MİA-nın məlumatına görə, Müsavat Partiyasının bununla bağlı yaydığı bəyanatda bildirilir ki, müşahidələrə və seçicilərdən daxil olan məlumatlara əsasən həmin funksiyanın işləmədiyi müəyyən edilib: "Beləliklə, seçicilərin internet vasitəsilə adlarını seçici siyahılarına daxil edə bilmədiyi məlum olub. Bundan əlavə, təklif edilən 115 saylı qaynar telefon xətti faktiki olaraq çalışmır, bununla da seçicilərin şikayət və təkliflərini operativ surətdə MSK-ya çatdırması mümkün olmur. Bizə görə bütün bunlar adi texniki xəta olmayıb, düşünülmüş, məqsədyönlü hərəkətlərdir". Müsavat Partiyası təcili olaraq bu qüsurların aradan qaldırılmasını və seçki kampaniyası dövründə oxşar problemlərin meydana çıxmasının qarşısını almağı tələb edir.