Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısı öz işinə başlayacaq. ANS-in İstanbula ezam edilmiş xüsusi müxbirinin verdiyi məlumata görə, artıq nümayəndə heyətləri toplaşmağa başlayıblar. Bir müddətdən sonra Türkiyə prezidenti Abdullah Gül qonaq dövlət başçılarını qarşılayacaq və zirvə toplantısı işinə başlayacaq. Toplantıda Türkdilli ölkələr arasında əməkdaşlığın əsas istiqamətləri olan iqtisadiyyat, enerji, ekoloji təhlükəsizlik, mədəni-humanitar məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi barədə də müzakirə olacaq. Sammitin gündəliyinə iştirakçı ölkələr arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində məsələlər, habelə regional və beynəlxalq mövzularda tərəfləri maraqlandıran mövzular daxil edilib. Toplantının yalnız bir qismi mətbuat üçün açıq olacaq. Zirvədən sonra iştirakçıların birgə mətbuat konfransı keçirəcəyi bildirilir. Burada da dövlət başçıları Zirvənin gələcək perespektivlərinə dair sualları cavablandıracaqlar.