2010-cu ilin avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə müqayisədə 0,7 faiz bahalaşıb. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ərzaq məhsullarından buğda ununun, çörək məhsullarının, makaron məmulatlarının, mal ətinin, qatığın, brınza pendirinin, yumurtanın, kərə yağının, bitki yağlarının, limonun, bananın, şabalıdın, kələmin, xiyarın, pomidorun, çuğundurun, kökün, kartofun qiymətləri bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni zamanda ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub. Məsələn, əlavə toyuq məhsullarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, xamanın, almanın, armudun, qarpız və yemişin, üzümün, badımcanın, soğanın qiymətləri ucuzlaşıb. Ay ərzində qeyri-ərzaq mallarından geyim və ayaqqabı qrupları üzrə ucuzlaşma, inşaat malları üzrə isə bahalaşma müşahidə olunub. Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryol sərnişindaşıma nəqliyyatı üzrə bahalaşma müşahidə olunub.