Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Ümid Partiyasının sədri İqbal Ağazadə və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə görüş keçirib. AMİP-in mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə Y.Bağırzadə bildirib ki, ölkədəki bir sıra ictimai-siyasi təşkilatlarla görüşlər keçirilir və görüşlərin nəticəsi olaraq Dağlıq Qarabağ problemi ilə bağlı ümumi mövqeyi ifadə edən bir sənədin imzalanması nəzərdə tutulur. O, bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməli, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilməlidir. Görüşdə həmçinin parlament seçkiləri ilə əlaqədar olaraq müxalifətyönlü siyasi partiyaların əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşlərdə AMİP-in baş katibi Arzuxan Əlizadə və mətbuat və təbliğat katibi Əli Orucov da iştirak edib.