Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Mərakeşin mədəniyyət naziri Bensalim Himmiş Azərbaycan Televiziyasına müsahibəsində məlumat verib. Nazir bildirib ki, tədbirlər Mərakeşin bir neçə şəhərini əhatə edəcək. Oktyabrın üçüncü ongünlüyünə planlaşdırılan tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətinin fərqli sahələri ilə tanışlıq nəzərdə tutulub. Mədəniyyət günləri çərçivəsində rəsm sərgilərinin, muğam axşamlarının, digər konsertlərin keçiriləcəyi gözlənilir. Krallığın mədəniyyət nazirinin fikrincə, mədəniyyət günləri mümkün qədər çox sahəni əhatə etməlidir. Bir neçə gün davam edəcək mədəniyyət günlərində daha çox mərakeşlinin iştirak etməsi üçün tədbirlərin eyni vaxtda krallığın ayrı-ayrı şəhərlərində keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə turistlərin də tez-tez ziyarət etdikləri şəhərlər seçilib. Hazırda Azərbaycan Mədəniyyəti Günlərinin dəqiq proqramının tərtib edilməsi ilə bağlı Bakı və Rabat arasında danışıqlar davam edir.