"Son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların aktivləşməsi daha geniş miqyasda baş verən digər hadisələrlə bağlıdır".
Ancaq Z.Oruc hesab edir ki, Türkiyə prezidenti Ərdoğanın Rusiyalı həmkarı Putinlə görüşdə Qarabağ məsələsini qaldırması Azərbaycanın mövqeyini gücləndirir: "Bu məsələ özündə bir tərəfdən, onun İlham Əliyevlə aparılan koordinasiya nəticəsində həyata keçirildiyini və Türkiyənin xarici siyasətində də öncül yerlərdən birini tutduğunu göstərirsə, digər tərəfdən, Ankaranın Cənubi Qafqazdakı siyasi varlığını və hər hansı məsələdə israrlı mövqe tutması faktını ehtiva edir. Hətta Putinin dilindən Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həllinə inamın az olması ilə bağlı mesajı verilsə də, məncə qarşıdakı dönəmdə bu işlər və planın reallaşması güclənəcək.
Söhbət hansı plandan gedir?
Məsələ bundadır ki, son illər Türkiyənin Qərblə münasibətləri həddən artıq pisləşib. Xüsusilə, ABŞ-la münasibətlər hətta Donald Trampın prezidentliyi dövründə də yaxşılaşmadı. Deməli, burada söhbət Obamanın şəxsiyyəti və onun Ərdoğanın islahatlarına siyasi münasibətindən yox, sistemin Türkiyəyə baxışından gedir. Bu ərəfədə Rusiya fəal hərəkətə keçərək Qafqaz regionunda Türkiyə ilə müəyyən razılaşma mövqeyini tuta və onu Qərbin bölgədən sıxışdırılmasına cəlb edə bilər. Suriyadakı hadisələrdə və onun siyasi arxitekturasının müəyyənləşməsində həlledici qüvvə olan bu dövlətlər gələcəkdə Qafqaz məsələlərində də fəal rol oynaya bilər. Məhz buna görə ermənlər Azərbaycan-Rusiya-Türkiyə danışıqlarını "separatçı" adlandırır, bunu öz mənafelərinin ziddinə olan hadisə kimi dəyərləndirir, hətta Qərbi az qala bu münasibətləri pozmağa çağırırlar. Ermənilər açıq-aşkar Türkiyənin Rusiya ilə yaxınlaşmasından qorxur, təkcə Qarabağ deyil, yüz ildən çoxdur Türkiyəyə qarşı daha geniş miqyasda yürüdülən məsələlərdə onların maraqlarına zərbə olduğunu düşünürlər".
Parlament üzvünün qənaətincə, Türkiyə adətən, regionda ABŞ-ın maraqlarının daşıyıcısı kimi çıxış edib və onun Qafqaz regionundakı addımları da buna xidmət edirdisə, indi vəziyyət dəyişə bilər: "Rusiya həmin əlaqələri fraqmentasiya olaraq Qarabağa deyil, ümumən bölgə üçün daha geniş formada tətbiq edə bilər. Onsuz da ABŞ-Rusiya münasibətləri yaxşılaşmayacaq, əksinə, pisləşəcək. Ən azından yaxın onillikdə bunu gözləməyə dəyməz. Çünki Rusiyaya qarşı sanksiyaların dərinləşməsi fonunda bu münasibətlər bir sıra hallarda real toqquşma həddinə gəlib çatacaq.
Belə olan təqdirdə Dağlıq Qarabağ probleminin həllini ATƏT-in Minsk qrupu çərçivəsində axtarmaq ümidsiz işdir. Rusiya çalışacaq bununla bağlı digər formatları hərəkətə gətirib aktivləşdirsin. Moskva bu yolla Türkiyəni də hadisələrin gedişinə qoşmaqla Qərbi bölgədən çıxışdırıb çıxara bilər".