Ukraynanın İqtisadi İnkişaf və Ticarət nazirliyi Rusiyanın 18 şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu barədə nazirliyin rəsmi saytında bildirilir.

Sanksiyalar Ukrayna ərazisində xarici iqtisadi fəaliyyətin müvəqqəti dayandırılmasını nəzərdə tutur.

Qadağa siyahısına yeyinti sənayesi, tikinti materialları və avadanlıqları ilə məşğul olan şirkətlər daxil edilib.

Rəsmi Kiyev Moskvaya qarşı atdığı addımarı bununla kifayətləndirmək niyyətində deyil.

Məlumata görə, Ukrayna Ali Radasının "Petro Poroşenko” blokundan olan deputatı İvan Vinnik Donbasın yenidən inteqrasiya olunması ilə bağlı qanuna dəyişiklik edilməsini təklif edib.
 
Bu barədə "Kommersant” qəzeti yazıb. Təklif olunan dəyişiklik iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutur.
 
Məlumata görə, parlament üzvlərinin əksəriyyəti noyabrın 16-da səsverməyə çıxarılacaq qanunun lehinə səs verəcək. Qanun prezident Poroşenko tərəfindən təsdiqləndikdən sonra isə Rusiyanın Ukraynadakı, Ukraynanın isə Rusiyadakı diplomatik nümayəndələri bağlanacaq.
 
Qəzetə görə, qanunun qəbul edildiyi halda Ukraynanın Rusiyadakı maraqlarını, çox güman ki, Belarus və yaxud İsveçrə təmsil edəcək/APA.