Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) və İnsan Azadlıqları və Hüquqlarının Müdafiə Cəmiyyətinin üzvləri Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Məqsəd Rusiya ilə Ermənistan arasında Strateji əməkdaşlıq və qarşılıqlı yardım barədə Sazişin imzalanması, Rusiya hərbi bazasının Ermənistanda yerləşmə müddətinin uzadılması və ümumiyyətlə Moskvanın İrəvana dəstəyinə etiraz etmək olub. Səfirliyin qarşısında olan hüquq mühafizə orqanlarının əməkdaşları isə aksiya iştrakçılarına diplomatik korpusa yaxınlaşmağa imkan verməyib. Səfirlikdən uzağa aparılan aksiya iştrakçıları Rusiya və Ermənistanın bayraqlarına od vurmağa calışsalar da polis hər iki bayrağı müsadirə edib. Polislə aksiya iştrakçıları arasında uzun sürən mübahisədən sonra asayış keşikciləri bir piketçiyə qətnaməni səfirliyə təqdim etməyə icazə verib və aksiya iştrakçılarından biri piketin qətnaməsini diplomatik korpusun nümayəndəsinə təqdim edib. Qətnamədə qeyd olunub ki, Rusiya Azərbaycan üçün arzuolunmaz dövlət elan olunmalı, bu dövlət ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmalı, bu ölkənin Azərbaycandakı səfirliyinin fəaliyyəti dayandırılmalı, prezident Dmitri Medvedevin Azərbaycana gözlənilən səfərinə imkan verilməməlidir.