ATƏT  PA-nın Avstriyadan olan prezidenti  Kristine Muttonenin  dəyişməsi  və  vitse- prezident George Tseretelinin prezident olması haqqında xəbərə aydınlıq gətirilib. 

Qurumun Azərbaycandan olan  vitse-prezidenti  Azay Quliyev APA-ya açıqlamasında xəbəri  təsdiqləyərək, ATƏT PA-nın prezidentinin dəyişməsinin səbəbini izah edib: 

"Bildiyiniz kimi bu ilin oktyabrın 15-də Avstriyada parlament seçkiləri keçirildi.  Kristina Muttonen Sosial demokratların namizədi olaraq kifayət qədər səs toplamadığına görə parlamentə təkrar seçilə bilmədi. Parlamentə seçilmədiyinə görə o, ATƏT PA-nın üzvü  və prezidenti  kimi də mandatını itirmiş oldu.
 
ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının  5-8 maddəsinə  əsasən,  Prezident bu və ya digər səbəbədən öz vəzifələrini icra edə bilmədikdə və ya Assambleyanın üzvü kimi mandatını itirdikdə onu vaxt baxımından ən uzun müddət fəaliyyət göstərən vitse-prezident əvəz etməlidir. 

Hazırda isə ATƏT PA-da ən  çox staja malik vitse-prezident Gürcüstan parlamentinin üzvü  olan George Tseretelidir. Ona görə də George avtomatik olaraq qaydalara görə prezidentin səlahiyyətlərini həyata keçirəcək və ATƏT PA-nın fəaliyyətdə olan  prezidenti olacaq. 

O, bu vəzifəni noyabrın 9-dan  gələn ilin iyulun 11-nə kimi icra etməyə başlayacaq. 2018-ci ilin  7-11 iyulunda isə Berlində keçiriləcək illik sessiyada isə quruma yeni prezident seçiləcək. Biz çalışacağıq ki, ATƏT PA-nın fəaliyyətində hər hansı bir problem olmasın. Əminəm ki, George bu vəzifənin öhdəsindən gələcək”.