Nə zaman iki ölkənin diplomatik münasibətləri barədə müzakirə açılsa, mövzunun mərkəzində kişilərin qərarlaşdığını görürük. Hətta, səlahiyyətli nümayəndələr arasında danışıqların aparılması kişilərin çoxluğu ilə həyata keçirilir.
Bu gün Azərbaycan Respublikasının xaricdə 80-dək səfirliyi, konsulluğu, daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu işi ölkəmizin maraqlarının təmin olunmasına istiqamətləndirməyə çalışırlar. Bunu bacarırlar ya yox, bu, başqa yazının mövzusudur.
Amma fakt odur ki, fövqəladə və səlahiyyətli səfir, konsullarımız arasında kişilər aktivliyi diqqətdə olur.
"Azərbaycanın xarici işlər sistemində və bizim diplomatik nümayəndəliklərimizdə qadınların sayı çoxdur. Bu konteks daimi olaraq inkişaf edir. Hazırda Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışan qadınların sayı faiz nisbətilə götürdükdə 48- 50% civarındadır. Bu prosesin artması gözlənilir. Çox sevindirici haldır ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də qadınlarımız fəal şəkildə çalışırlar. Coğrafi baxımdan götürsək, Latın Amerikası, Şimali Amerika, Asiya, Avropa və digər qitələrdə qadınlarımız həmkarları ilə birgə Azərbaycanın maraqları naminə çalışırlar və ölkəmizin maraqlarını layiqincə qoruyurlar”.
XİN rəsmisi fövqəladə və səlahiyyətli səfir qadınlardan da söz açıb.
"Hazırda səfir statusunda 2 qadın çalışır. Onlardan biri Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovadır. Digəri isə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovadır. Xatırladım ki, Xanım İbrahimova bu yaxınlarda prezidentin sərəncamı ilə İsveçrəyə səfir təyin olunub”.