Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilsin.
Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədovverilən fərmanla bağlı öz fikrilərini Modern.az-la bölüşüb: "Artıq Rusiyada ticarət nümayəndələri fəaliyyət göstərir. Sovet dönəmində belə bir sistem vardı ki, səfirliklərin daxilində ticarət nümayəndəliyi olsun.
Azərbaycanda da bu sistemin tətbiq olunmasını çox müsbət hal kimi qiymətləndirirəm. Azərbaycanda iqtisadiyyatın vəziyyəti, müəyyən yerli məhsulların xaricə ixracı ilə əlaqədar tədbirlər həyata keçirilir və ölkəmiz bu mənada geniş təbliğ edilir.
Cənab prezidentin verdiyi fərman təqdirəlayiqdir. Azərbaycan məhsullarının ixracının yüksəldilməsinə çox böyük ehtiyac var. O məhsulların ixracının təbliği və təşviqilə bağlı cənab prezident tərəfindən bir neçə fərman imzalanıb. Ona görə də bu fərman böyük əhəmiyyət kəsb edir”.
Komitə üzvü fərmandan irəli gələn məsələlərin həllində müvafiq kadrların təyin edilməsinin vacib olduğunu vurğulayıb:
"Kadrların həm təcrübəsi, həm dil bilikləri olmalıdır ki, Azərbaycanın yüksək səviyyədə təmsil edə bilsinlər. Ölkəmizin ixrac qabiliyyətinin artırılması üçün fərman olduqca əhəmiyyətlidir”.