Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün
olacağı gözlənilir. Prezidentlər arasındakı növbəti görüşün 2017-ci ilin
sonlarına qədər baş tuta biləcəyi bildirilir. Danışıqların növbəti
raundunun əsas təşkilatçısı qismində isə Rusiyanın olduğu barədə
məlumatlar söylənilir.
Prezidentlər harada, nə zaman görüşəcəklər?
Məsələni şərh edən politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret mövzu yoxdur. "Görüş imitasiya xarakteri daşıya bilər ki, bu Azərbaycan üçün
əhəmiyyət daşımasın. Çünki böyük dövlətlər əvvəlki kimi Ermənistana
təsir və təzyiq etmək istəmirlər ki, Dağlıq Qarabağ ətrafındakı
torpaqlar boşaldılsın. Xarici işlər nazirlərinin görüşü də uğursuz
nəticələndi. Buna baxmayaraq, həmsədrlər ilin sonuna qədər prezidentləri
görüşdürmək istəyirlər. Görüş ya Moskvada, ya da Parisdə ola bilər.
Moskvada keçiriləcək görüşün indidən nəticəsiz qalacağını demək olar. Bu
məsələdə bir az Fransa da maraqlı ola bilər. Çünki, Fransanın yeni
prezidenti Emanuel Makron da Qarabağ və Cənubi Qafqaza maraq göstərir.
Bəlkə o, hansısa maraqlı təkliflərlə çıxış edə bilər. Amma yenə də
təkrar edirəm, cəbhədə vəziyyət qarışıqdır, atəşkəs intensiv şəkildə
pozulur, Ermənistan Azərbaycan sərhədi boyunca da vəziyyət gərgindir.
Bundan çıxış edərək demək olar ki, heç bir dövlət Ermənistana təsir
etmir. Ermənistan özünü işğalçı kimi rahat hiss edir. Rahat hiss edirsə,
prezidentlərin görüşündən də hansısa nəticə gözləməyə dəyməz”.