Müsavat Partiyası ordumuzun Tərtər rayonunun Çaylı kəndindəki postuna şəhid olan Mübariz İbrahimovla bağlı bəyanat verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir: ?Son vaxtlar cəbhə xəttində erməni silahlı qüvvələrinin atəşkəsi pozmaları nəticəsində Azərbaycan Milli Ordusunun əsgərləri şəhid olurlar. İyun ayının 19-da ermənilər atəşkəsi pozaraq ordumuzun Tərtər rayonunun Çaylı kəndindəki postuna iriçaplı silahlardan atəş açmağa başlayıblar. Orada xidmət edən milli ordumuzun 22 yaşlı giziri Mübariz İbrahimov onları cavab atəşi ilə susdurmağa çalışıb. O, çoxlu sayda düşmən əsgərini təkbaşına əlindəki silahla öldürərək, özü də düşmən gülləsinə tuş gələrək şəhid olub. Ölümündən bir müddət əvvəl ata-anasına və qulluq etdiyi hərbi hissənin komandirinə məktub yazaraq torpaqlarımızın işğalına dözmədiyini və gec-tez ermənilərdən öz intiqamını alacağını bildirmişdir. Erməni tərəfi hələ də öz məkrli siyasətinə uyğun olaraq Mübariz İbrahimovun cəsədini qaytarmaqdan imtina edir?. Sonda Müsavat Partiyası Azərbaycan hakimiyyətini Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün təsirli tədbirlər görməyə və ona Azərbaycanın Milli Qəhrəmanı adını verməyə çağırıb.