?2009-2010-cu tədris ili ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinin genişlənməsi, orta məktəblərdə test üsulunun tətbiqi ilə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin daha da təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin yeni maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması və s. yeniliklər ilə xarakterizə oluna bilər?. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Ş.Hacıyev bildirib ki, bu ildən başlayaraq yeni maliyyələşdirmə mexanizminin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaqdır. Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. ?Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrıseçkiliyin aradan qaldırılmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaqdır. Məhz belə olan şəraitdə tələbənin azad seçim etməsi mümkün olacaqdır və əvvəldə də qeyd etdiyimiz kimi, dövlət və özəl ali məktəbləri arasında sağlam rəqabət mühiti yaradılacaqdır? deyə komitə sədri vurğulayıb.