Xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, etimadnamənin surətini təqdim edən Heydər Şiya Qubeyşi əl-Bərrak ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söyləyib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan Heydər Şiya Qubeyşi İraq-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. Elmar Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə səfiri təbrik edib və iki ölkə arasındakı əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasını zəruri sayıb.