Dünən Avropa Birliyinin Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Ermənistanda Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanla görüşüb. Görüşdə Ermənistanla Avropa Birliyi arasındakı münasibətlər müzakirə olunub. Ermənistan mətbuatının məlumatına görə, Dağlıq Qarabağ probleminin həlli yollarını da müzakirə edən tərəflər cəbhə xəttində baş vermiş son hadisələrə toxunublar. Baqdasaryan beynəlxalq ictimaiyyətin bu hadisəni və Azərbaycan hakimiyyətinin müharibə bəyanatlarını pisləməsinin vacibliyini önə çəkib. Öz növbəsində Piter Semnebi baş verənlərdən narahatlığını ifadə edib. O, əlavə edib ki, bu hadisə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Avropa Parlamentinin Cənubi Qafqazda münaqişələrin həllinə dair qəbul etdiyi qətnamələrə toxunan Baqdasaryan bunların birtərəfli olduğunu və dolğun informasiyaya malik olmadığını deyib. Baqdasaryanın sözlərinə görə, bu qətnamələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kölgə salır. Xatırladaq ki, mayın 20-də Avropa Parlamentində qəbul edilən qətnamədə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal altında olan ərazilərindən dərhal çıxarılması tələb olunur.