Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın Siyasi Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda son günlər ölkədə və dünyada baş vermiş ictimai-siyasi hadisələr müzakirə mövzusu olub. Müzakirələr zamanı son günlər radikal müxalifətin, xüsusən də AXCP-nin təşkil etdikləri aksiyalar və bu aksiyaların ölkədə qarışıqlıq salmaq məqsədi güddüyü pislənilib. Toplantının gündəliyində əsas məsələ kimi 2010-cu il Parlament seçkilərində iştirak edəcək partiya üzvlərinin hansı dairədən namizədliklərini verəcəkləri siyahıya yenidən baxış keçirilib. Siyasi Şura partiya sədrinə tövsiyə edib ki, bu dəfəki Parlament seçkilərində partiyanın sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimli ilə eyni dairədən namizədliyini irəli sürsün.