İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayacaq. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev Fransaya səfər edəcəklər. Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada islam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər. Tədbirdə təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin məruzəçisi, millət vəkili Rafael Hüseynovun Avropada islam mədəniyyəti ilə bağlı çıxışı nəzərdə tutulur.