Suriya ordusu Əl-Bab şəhərinə daxil olub.

"Sputnik"in məlumatına görə, şəhərə girən əsgərlər ilə İŞİD-çilər arasında şiddətli döyüşlər gedir. Rusiya təyyarələri bölgəni havadan bombalayır.

Hələbdən gətirilən ağır silahlarla Əl-Babda irəliləyən Suriya ordusu dünən axşam saatlarında şəhərin cənubundakı Əbu Taltal və Dərin Kak kəndlərini ələ keçirib.

Əl-Bab əməliyyatında polkovnik Süheyl Həsənin rəhbərlik etdiyi "Pələnglər" adlı xüsusi hərbi birlik iştirak edir.

Yeri gəlmişkən, qeyd edək ki, Əl-Bab uğrunda bir neçə aydır Türkiyə ordusu da mübarizə aparır. Şəhərin bir hissəsi və ətraf kəndləri türk ordusu tərəfindən İŞİD-dən təmizlənərək, nəzarət bərpa edilib. İndisə Suriyanın Əl-Baba girməsi Türkiyə və Suriya ordusunun bir-biriylə savaşıb-savaşmayacağı müzakirəsi açıb...

Mia.az