Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiya iştirakçıları ?İsrail rejimi beynəlxalq məhkəməyə!?, ?Qatillər cəzalandırılmalıdır!? şüarları yazılan plakatlar qaldıraraq aksiyanı keçirməyə müvəffəq olublar. Etirazçılar ?Türkiyə-Azərbaycan!? şüarları səsləndirərək səfirliyin binasına doğru irəliləsələr də, polis onların bu cəhdinə imkan verməyib. Amma aksiyanın qətnaməsi səfirliyə təqdim edilib. Qətnamədə qeyd olunur ki, İsrailin bu addımı qəbul olunmaz və beynəlxalq hüquqa ziddir. Bu səbəbdən də İsrail dünya birliyindən üzr istəməli, bu hadisədə günahkar olanların cəzalandırılmalı, İsrailin Azərbaycandakı səfirliyi bağlanmalıdır. Qeyd edək ki, iki gün öncə İsrail hərbçilərinin Qəzza bölgəsində humanitar yardım aparan Türkiyəyə məxsus gəmilərə hücum etməsi dünyanın əksər ölkələrində narazılıqla qarşılanıb.