Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Asad Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak və baş iqtisadçısı Kristos Kostopulosun da iştirak etdiyi görüşdə 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması yolları müzakirə olunub. Həmçinin Dünya Bankının mövcud portfelinin icrasının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Dünya Bankının regional direktoru Asad Alam Azərbaycanla əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək burada icra edilən proqramların yüksələn xətlə davam etdirilməsinin zəruriliyini vurğulayıb. O, həmçinin təmsil etdiyi qurumun Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yüksək qiymətləndirib və bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirib. Öz növbəsində Mərkəzi Bank sədri Elman Rüstəmov ikitərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək Tərəfdaşlıq Strategiyasının hər iki tərəf üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib.