Bu gün Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci il dövlət büdcəsini təsdiq edib. 

Büdcə təsdiq edildikdən sonra məlum oldu ki, bir sıra digər qurumlar kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmində də azalma baş verib.

Şuranın büdcəsi 2016-cı ildə ayrılan maliyyə vəsaitinin həcmindən 1,6 milyon manat azdır.

Mia.az xəbər verir ki, bununla bağlı açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov  deyib ki, Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək:

"Şuranın büdcəsində azalmanın baş verməsi, əlbəttə, qurumu maliyyə imkanlarından daha qənaətlə istifadə etməyə sövq edir. 

Məlum olduğu kimi, Şura Əsasnaməsinə uyğun olaraq elan etdiyi müsabiqə mövzuları üzrə QHT-lərin təqdim etdiyi layihələri maliyyələşdirir. Şuranın büdcəsinin 1,6 milyon manat azalması təbii ki, xərclərimizin də azalması ilə müşahidə olunacaq. Ona görə Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək.

Bu cəhətdən QHT-lərin Şuranın 2017-ci il qrant müsabiqəsinə daha peşəkarlıqla yanaşması tələb olunur".

Mia.az