Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkədə ?Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə? təsdiq edilib. Əsasnamə dövlət informasiya ehtiyatları reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Sənədə uyğun olaraq reyestrin operatoru Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar RİTN-ə reyestrin fəaliyyətinin təşkili, metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin olunması, informasiya ehtiyatları barədə və digər xidməti məlumatların reyestrə daxil edilməsi və təzələnməsi, reyestrə daxil edilmiş informasiya ehtiyatları barədə sənədli arxivin aparılması və saxlanılması, reyestrin internet portalının yaradılması və aktuallaşdırılması, reyestrin dayanıqlı işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi və s. həvalə olunub. Əsasnamənin tam mətni ilə RİTN-in internet səhifəsinin ?Hüquqi sənədlər? bölməsində tanış olmaq mümkündür.