Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin İsveçrə-Azərbaycan Dostluq Qrupunun rəhbəri xanım Kristin Egerzegi-Obristi və dostluq qrupunun digər üzvlərini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüş zamanı nazir E.Məmmədyarov qonaqların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regionda cərəyan edən proseslər, ölkəmizin enerji siyasəti, neftdən gələn gəlirlərin xərclənməsi, Azərbaycanda gedən iqtisadi inkişaf və digər məsələlərlə bağlı çoxsaylı suallarını ətraflı cavablandırıb.