Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri qurumun mənzil-qərargahının yerləşdiyi Vyana şəhərində toplaşacaqlar. Vasitəçilər ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev və Minsk qrupuna üzv ölkələrin təmsilçilərinə danışıqlar prosesi barədə məlumat verəcəklər. Xatırladaq ki, rusiyalı keçmiş və yeni həmsədrlər Yuri Merzlyakov və İqor Popov, fransalı həmsədr Bernar Fasye, amerikalı həmsədr Robert Bradtke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik aprelin 22-də görüş keçiriblər. Görüşdən sonra verilən bəyanatda bildirilib ki, hadisələrin son inkişafı, o cümlədən Vaşinqtonda, Bakıda və Moskvada keçirilən yüksək səviyyəli görüşlər ətrafında müzakirələr aparılıb. Həmsədrlər bu görüşləri Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanmasında irəliləyişə yeni təkan kimi qiymətləndiriblər. Qeyd edək ki, Vyana görüşündə Yuri Merzlyakov həmsədr səlahiyyətlərini İqor Popova təhvil verəcək.