Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) görüşüb.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kaspşik də iştirak edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

Elmar Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib.