Aprelin 30-da Avropa Şurasının Dağlıq Qarabağ üzrə alt komitəsi ilə bağlı məsələnin müzakirəsi gözlənilir. Bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli məlumat verib. G.Hacıbəyli bildirib ki, həmin gün qurumun bürosunda alt komitəsi yenidən formalaşdırıla bilər. Bununla belə nümayəndə heyətinin üzvü məsələnin tam dəqiqləşmədiyini deyib. Belə ki, münaqişə tərəflərinin nümayəndələrinin mövqeyi tam dəqiqləşdikdən sonra bu addım atılacaq. Onun sözlərinə görə, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminə Avropa Şurasının obyektiv şəkildə yanaşmasının tərəfdarıdır. Qurumun Ermənistanı işğalçı kimi tanıdığını xatırladan G.Hacıbəylinin fikrincə, bu haqda qəbul olunmuş qətnamə icra olunmalıdır.