Aprelin 23-də ARDNŞ-nin Baş Ofisinin inzibati binasında Şirkətin prezidenti Rövnəq Abdullayevlə Küveyt dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gəssan Yusuf Əl-Zəvavi arasında görüş olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, səmimi qəbul üçün ARDNŞ rəhbərliyinə təşəkkür edən diplomat Küveyt və Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq öz ölkəsindəki neft şirkətlərinin ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələri haqda qonağa məlumat verən ARDNŞ prezidenti Şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya proqramlarından danışıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər haqda ətraflı fikir mübadiləsi aparılıb.