Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda YAP-ın son aylardakı fəaliyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. İclasda gündəliyə uyğun olaraq Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün qeyd edilməsi ilə bağlı keçiriləcək tədbirlər müzakirə olunub. Həyata keçiriləcək tədbirlərin çoxşaxəli olmasının və cəmiyyətin bütün təbəqələrini əhatə etməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb. İdarə Heyətinin iclasında həmçinin, YAP-ın rayon, şəhər təşkilatlarının aparat işçilərinin cari ilin mart-aprel aylarında keçirilmiş attestasiyasının nəticələri təhlil olunub.