Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Qarabağ forumunun növbəti toplantısı keçirilmişdir. Toplantıda siyasi partiya, QHT nümayəndələri Qarabağ müharibəsi veteranlarının nümayəndələri iştirak edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Forumda Azərbaycan iqtidarının Qarabağ siyasəti kəskin tənqid olunmuş və hakimiyyətdən torpaqların işğaldan azad olunması üçün döyüş əməliyyatlarını bərpa etmək də daxil olmaqla, qəti addımlar atmasını tələb edilib. Bir sıra çıxışlarda xarici siyasət iflas etdiyinə görə istefa tələbləri səslənib. Forumda hakimiyyət orqanlarından Milli Məclisin təşkilatçılığı ilə Prezident, Milli Məclis sədri, güc strukturlarının rəhbərləri, Qarabağ müharibəsi əlilləri və veteranları, siyasi partiya rəhbərləri, QHT nümayəndələri, ziyalıların, gənclər təşkilatlarının, ağsaqqalların iştirakı ilə Ümumxalq Qarabağ toplantısının keçirilməsi tələb olunub. Forum iştirakçıları Azərbaycanın maraqlarını müdafiə etdiyiniə görə Türkiyə Cümhuriyyəti hakimiyyətinə minnətdarlıq ifadə etmişlər. Eyni zamanda qondarma erməni soyqırımı deyilən məsələ ilə bağlı Qardaş Türkiyə ilə tam həmrəy olduqlarını bildiriblər. Sonda Qarabağ forumunun Əlaqələndirilmə Qrupunun yaradılması barədə qərar qəbul edilib.