Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin müavini Mişel Flournoyu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq, regional və qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Xanım M.Flournoy Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Öz növbəsində, nazir E.Məmmədyarov Azərbaycanın ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, o cümlədən terrorla mübarizə sahəsində ölkəmizin rolunu diqqətə çatdırıb. Nazir ölkəmizin Əfqanıstanda yalnız təhlükəsizlik sahəsinə yox, həmçinin humanitar, təhsil və əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrdə də töhfə verdiyini bildirib. Görüşdə, həmçinin birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında fikir mübadiləsi aparılıb.