Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DUİ SŞ Polşa xalqına prezident Lex Kaçinskinin və onunla birlikdə nümayəndə heyətinin təyyarədə faciəvi surətdə həlak olmalarından sarsıldıqlarını bildirərək dərin hüznlə başsağlığı verir. DUİ -yə daxil olan partiyaların sədrləri bugün Polşanın Azərbaycandakı səfirliyində təşkil olunmuş anma tədbirində iştirak ediblər. DUİ SŞ Musavat Partiyası ilə aparılan məsləhətləşmələrin gedişini müzakirə edərək təqdir edib. DUİ SŞ cəmiyyətin sosial sifarişi olaraq müxalifətin birlikdə kütləvi aksiya keçirməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsinin zəif olduğundan narahat olduğunu bildirib. DUİ SŞ növbəti Qarabağ forumunun 21 aprel 2010-cu il tarixdə saat 12.00-da KXCP-nin mənzil qərargahında keçirilməsini qərara alıb. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak etmişdir.