Azərbaycan Liberal Partiyasının (ALP) lideri professor Lalə Şövkət Rusiyanın Smolensk şəhəri yaxınlığında təyyarə qəzasında Polşa prezidenti Lex Kaçinski və daha 95 nəfərin faciəli şəkildə həlak olması ilə bağlı Polşa xalqına başsağlığı verib, Polşanın Azərbaycandakı səfirinə başsağlığı məktubu ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məktubda deyilir: Polşa Respublikasının prezidenti Lex Kaçinski, onun xanımı Maria Kaçinska və onu müşayiət edən Polşanın hərbi, siyasi və ictimai elitasının nümayəndələrinin faciəli ölüm xəbəri bizi dərindən sarsıtdı. Azərbaycan Liberal Partiyası və şəxsən öz adımdan bütün Polşa xalqına dərin hüznlə başsağlığı verirəm. Lex Kaçinskinin ölümü təkcə Polşa xalqı, Polşa Respublikası üçün deyil, eyni dərəcədə dünyanın mütərəqqi demokrat qüvvələri üçün də həddindən artıq ağır itkidir. Şərqi Avropada demokratikləşmə prosesində Lex Kaçinskinin rolu heç vaxt unudulmayacaq. Bu faciəli anlarda Polşa xalqına səbir və dözüm diləyir, onun kədərinə şərik olduğumuzu bildiririk. Allah rəhmət eləsin! Ruhları şad olsun!