"Ölkənin gələcəyi naminə cənab prezident insan haqqları, söz və mətbuat azadlığı, korrupsiyaya qarşı mübarizə məsələlərində təcili sürətdə müəyyən addımlar atmalıdır”.

Bu sözləri prezident İlham Əliyevin Almaniya səfəri münasibət bildirərkən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev pia-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, Azərbaycan prezidentinin 7-8 iyun, iki günlük Almaniyaya işgüzar səfəri çərçivəsində İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll yollarını müzakirə edib. Status-kvonun artıq dəyişdiyini bildirən prezident İlham Əliyev münaqişənin həllinin olmadığı təqdirdə yeni müharibə xəbərdarlığı ilə çıxış edib.

Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fikirlərini pia.az-ın əməkdaşı ilə bölüşüb.

Prezidentin Almaniya səfərindən hansısa uğurlu nəticə gözləməyən Hafiz Hacıyevə görə, prezidentin ətrafındakı hazırkı komanda ilə hər hansısa uğur əldə etmək çətindir: "Müasir Müsavat Partiyası prezident İlham Əliyevin bütün səfərlərini yüksək dəyərləndirir. O cümlədən, gərginliyin mövcud olduğu bu son dönəmlərdə və Almaniya Bundestaqının qondarma "erməni soyqırımı”nı qəbul etdiyi vaxtda prezidentin Almaniyaya səfər etməsini də yüksək dəyərləndiririk. Prezidentin səfərlərində müəyyən uğurların əldə edilməsi Azərbaycanın gələcəyinə hesablanmış addımlardır. Neyləmək olar ki, İlham Əliyev xarici səfərlərə gedəndə baş qaxıncı olaraq, ölkə daxilindəki məmurların özbaşınalığı, korrupsiya faktları, insan haqqlarının pozulması kimi məsələlər önə çəkilir və prezidentin qabağına böyük şərtlər qoyurlar. Ölkədaxilində düşünülmüş bu siyasət prezidentin bildiyi kimi ciddi addımlar atmasına imkan vermir. Hər halda prezidentin müzakirələri Dağlıq Qarabağ məsələsi üzərində köklənir.


Düşünürəm ki, ölkənin gələcəyi naminə cənab prezident insan haqqları, söz və mətbuat azadlığı, korrupsiyaya qarşı mübarizə məsələlərində təcili sürətdə müəyyən addımlar atmalıdır. Ona görə ki, ölkədə köklü islahatlar getməlidir. Məmurlar dedikləri başdan-ayağa yalandır. Ölkədə aclıq gözlənilir, kənd təsərrüfatında böyük bir geriləmə var. Bir neçə ay öncə prezidentin verdiyi tapşırıqlar yerinə yetirilmir. Rayonlarda yaradılmış yeni qurumların sahibkarlara heç bir köməy olmur. Bu gün Azərbaycan sahibkarının istehsal etdiyi məhsulu əlində qalır. İqtisadiyyatımızda böyük geriləmə var. Bunu gizlətməyə dəyməz.

Fikrimcə, ölkə prezidenti təcili ciddi addımlar atmalıdır. Ancaq bunu deyə bilərəm ki, indiki komandayla cənab prezident ölkəni daha uğurlu yerə aparıb çıxara bilməyəcək. Ona görə ki, ətrafında olan insanlar prezidentə xəyanət edir. Ona görə də İlham Əliyevin Almaniya səfərindən ümidverici nəsə gözləmirəm. Prezident hər şey eləmək iqtidarında olan bir insandır, amma ətrafındakı məmurlar prezidentin müasir dünya ilə ayaqlaşmasına imkan vermirlər”.