"Görün, Sərksiyan nə dərəcədə üzlü olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır".
Bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Tvitter hesabında yazıb:
"Görün, Sərksiyan nə dərəcədə üzlü olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır. Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir. Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi, əslində, burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə üzlü olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır”.