Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Rumıniyanın xarici işlər naziri Teodor Bakonskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Rumıniya arasında güclü tərəfdaşlıq münasibətlərinin və bütün səviyyələrdə fəal diplomatik əlaqələrin olduğunu qeyd edən dövlət başçısı iki ölkənin prezidentləri arasında münasibətlərin əlaqələrin inkişafında mühüm rol oynadığını deyib. Prezident İ.Əliyev T.Bakonskinin səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm addım olacağını, həmçinin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının və regional vəziyyətin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Dövlət başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb. Öz növbəsində, T. Bakonski Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycanla ikitərəfli münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. O da iki ölkənin prezidentləri arasında şəxsi münasibətləri strateji tərəfdaşlıq əlaqələrinin inkişafında başlıca amil kimi qiymətləndirib.