Nadir QOCABƏYLİ, Yazıçı

Bu gün mənə 74 manat 21 qəpik işıqpulu gəlib. "Azərişığ"ın nəzarətçiləri qəbzlə bərabər, bir "Xəbərdarlıq" da qoyublar. Yazıblar ki, "Azərişıq" ASC-nin yaranması ilə əlaqədar fevral ayının 1-dək borcu olan abonentləri müəyyən edərək hüquqi tədbirlər görüləcək.

Buna görə də, borcu 3 gün ərzində ödəməyəcəyim təqdirdə, işığımı kəsəcəkləriylə hədələyirlər. 

Əsasları da var: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 yanvar 2010 tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş EEİQ-in (Elektrik enerjisindən istifadə qaydaları) 9.13.2 bəndi.

Xəbərdarlıqda başqa təhdidlər də var, ancaq onları yazmıram. Şəkildə görəcəksiniz.

Mən, işıqpulunu vaxtında ödəyən adamam. Hər ay gələn borcun hamısını ödəməyə gücüm çatmasa da, həmişə bir hissəsini ödəyirəm. Neçə illərdir ki, belədir və heç kəs də mənə təzyiq göstərmir. Bu günlərdə yenə ödəmək fikrim vardı. Sadəcə devalvasiya ilə əlaqədar çətinliklərə görə bir az gecikdim.

İstər-istəməz Nazirlər Kabinetinin müvafiq qərarının göstərilən bəndlərini axtarıb oxudum. 

Orada belə yazılıb:

"9.13. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:
9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
9.13.5. məhkəmənin qərarı ilə."

Nazirlər Kabinetinin qərarında abonentin heç bir hüququ yoxdur. 

Mən, "Azərişıq" ilə abonentlər arasında bağlanmalı olan, ancaq bağlanmayan müqavilə formasına da baxdım. Orada da abonentin heç bir hüququ yoxdur. Yəni o müqaviləni bağlamaqla vətəndaş heç nə əldə etmir.

Bu günlərdə qar yağarkən, mənim işığım düz iki gün dalbadal söndü. Mən pulu tərcüməçilik və köşə yazarlığından qazanıram. Həmin günlər enerji olmadığından işləyə bilmədim və 2 günlük əmək haqqımdan məhrum oldum. Bu 2 günlük qonorar isə elə mənə gələn qəbzdəki məbləğ qədər vəsaitdir.

Əgər bizdə normal dövlət, normal qanunlar, normal məhkəmə olsa, mən bu pulu "Azərişığ"a ödəmərəm, əksinə, onu məhkəməyə verib, mənə vurduğu zərəri ödədərəm. Amma təəssüf ki, bizim dövlətimiz yalnız öz vətəndaşını əzməyə və sındırmağa yönəlik qanun və qərarlar qəbul etməyə meyillidir.

Odur ki, mən də bu işıqpulunu borc hesabına da olsa, ödəmək zorundayam. Yoxsa gəlib kəsəcəklər və mənim işim cəhənnəm, bu ölkənin gələcəyi olan övladlarım qaranlıqda qalacaq və dərslərini oxuya bilməyəcəklər.

Tutaq ki, lap mən pis adamam, intizamsızam. Amma mənim evimdə məktəbə gedən iki uşaq var. Onlar bu ölkənin gələcəyidir. Yaşları çatan kimi əsgərliyə tələb edəcəklər. O uşaqlar məndən çox bu dövlətindir. 

Mən bilmək istəyirəm, dövlətin onların işığını söndürməyə nə qədər haqqı çatır?