Məhəmməd TALIBLI, İqtisadçı

Böhran sözünün işlədilməsi hökumət təmsilçilərində hansı qeyri-adi reaksiya doğurduğunu demək olar ki, çoxsaylı çıxışlarda hiss edirik. 

Bunu qlobal böhranla əlaqələndirirlər. Halbuki, bəzi ölkələrin iqtisadiyyatları istisna olmaqla, dünyada ümumilikdə heç bir iqtisadi böhran hökm sürmür. Avrozonada və ABŞ başda olmaqla Qərb ölkələrinin iqtisadiyyatlarında əvvəlki illərdə mövcud olan iqtisadi artım templəri bəzilərində saxlanılıb, bəzilərində isə azca enmələr var. Amma bəzi sahələrdə, xüsusilə təbii resurslarla zəngin ölkələrdə isə neftin qiymətinin aşağı düşməsi fonunda həmin iqtisadiyyatlarda ciddi tənəzzül elementləri hökm sürür. Hər hansı bir sahədki geriləmə hallarının olması isə böhran deyil.

Böhran iqtisadi sektorlarda virus ötürücü funksiyaya malik olmağı və iqtisadi sistemin iflic halında olduğunu ifadə edir.

Bizdəki böhran da məhz neftin üzərində qurulan iqtisadiyyatın pis idarə edilməsinin nəticəsi olaraq meydana çıxıb.

Belə deyək ki, bizdəki böhran ölkəyə daxil olan neft pullarından səmərəli istifadə etməməyin və ona qeyri-adekvat reaksiyanın böhranıdır. Əsasən 2005-ci ildən böyük həcmdə ölkəyə daxil olan neft pulları idarəetmə aparatını kifayət qədər şişirmişdi. İndi struktur islahatlar adı altında kütləvi ixtisarlar və həmin qurumların birləşdirilməsinə start verilib. Böyük şirkətlərdə ixtisarlar və kiçik müəssisələrin bağlanması əmək bazarında çox ciddi gərginlik yaradıb. Hazırda mövcud olan əsas problem böhran zamanı iş yerini itirmiş əmək qabiliyyətli vətəndaşımızı necə işlə təmin etməyin çətinliyidir.

Bu vəziyyətdə hökumət həmin gərginliyin yumşalması üçün özü təkbaşına nələrsə etməyə can atır. Görünən odur ki, biznes sferasında imtiyazlı şəxslərə tapşırıqla əmək qabiliyyətli əhalini minimal əmək haqqı ilə də olsa iş imkanı yaratmağı tövsiyyə edir. Çünki, iş yerlərini itirmiş insanları necəsə susdurmaq və minimal təminatını həll etməyə çalışılır. Bu mənə bir neçə il öncə neftin qiymətinin və hasilatın pik hədləri olan illərdə ARDNŞ-ə normadan xeyli insanın işə qəbul edilməsi kimi kompaniyanı yadıma saldı. 75 mindən yuxarı işçisi olan milli neft şirkətimiz sonradan 20 minə yaxın işçi ilə xudafizləşmək məcburiyyətində qaldı. Bu açığı yaxşı perspektivi olmayan yoldur. Hökumətin özünün bu qədər işçi qüvvəsinin işə almaq cəhdləri fayda verməyəcək. Deməli, illər öncəsi biz bir həqiqəti başa düşməli idik ki, dövlət əslində iş yerləri açmalı üçün deyil, iş açanlara inzibati maneə olmamaqla onlara şərait yaratmalı idi. Necə deyərlər, özü balıq tutub vətəndaşına verməli deyil, ona balıq tutmaq üçün tilov verməli idi.

Dövlət özünün bütün imkanlarından istifadə edərək əmək bazarına müdaxilə edib işlək qaydalar formalaşdırmaq istəyir. Əslində dövlət bazara müdaxilə edib əmək bazarında intizam yaratmağa cəhd etsə, elə problemlər daha eybəcər və şiddətli forma alacaq. Çoxsaylı elmi araşdırmalar sübut edib ki, dövlət nə qədər məşğulluğun təmin olunmasına qarışırsa, bu bir o qədər də işsizliyin artmasına səbəb olur.

Böyük Depresiya illərində işsizlik İnkişaf etmiş ölkələrin, o cümlədən ABŞ-ın iqtisadi siyasətlərinin əsasən 3 məqsədi vardır: məşğulluğun yüksək səviyyədə təmin edilməsi, qiymətlərin sabitliyi və iqtisadi artımın dinamikliyini təmin etmək. İqtisadiyyatda əsas tendensiyaları dəyərləndirmək üçün əsas makroiqtisadi göstəricilərə diqqət edən hökumətlər bu sadaladığımız indikatorları əsas prioritet götürür. Bunların hər hansı birində baş verən neqativ dəyişmələr makroiqtisadi müvazinəti itirmək üçün əsas ola bilər. İndi baxanda ki, bu qədər iş yerini itirmiş insanlardan sonra da hökumət üzvləri yenə də deyirlər: "Bizdə işsizlik 5 faiz cəvarındadır”.

İnsana elə gəlir ki, bunlar ölkədə ya gözübağlı gəzir və yaxud iş yerlərini itirmişləri işsiz statusuna daxil etmirlər. Halbuki, böhrana məruz qalmış güclü dövlətlərdə belə işsizlər ordusu əhəmiyyətli sürətdə arta bilir. Böyük Depressiya illərində (1929-33) bəşəriyyət dünyada ən iri böhranla üz-üzə qalmışdı. Böhranın təsiri elə şiddətli idi ki, artıq bütün dünyada böhranın açıq təzahürləri dövlətləri sarsıdır və işsizliyi gözlənilməz səviyyəyə çatmışdı. Böhranın ən kritik ilində ABŞ-da məşğul əhalinin 25 faizi işsiz qalmışdı.

Bizdə böhranın vurduğu çoxsaylı sahələrdə kütləvi ixtisarlar belə rəsmi açıqlamalarda birrəqəmli həddi ifadə edilir. Bütün bu həngamələrdən sonra da rəsmilər yenə deyirsə ki, ölkədə işsizliyin səviyyəsi 5 faiz civarındadır, demək mövzuy statistik spekulyasiya predmetinə çevrilib.

Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, Azərbaycanda qeydiyyata alınmış cəmi 29 min işsiz var. İqtisadi məntiqlə məşğulluğun artması müxtəlif vergi növləri (gəlir, sosial, mənfəət və s.) üzrə daxilolmaların həcmini artırmalıdır. Halbuki bizim dövlət büdcəsi məhz qeyri-neft sektorundan vergilər formasında daxilolmaların olmamasından daha çox əziyyət çəkir. Məşğulluğun qeyri-mütənasibliyi Azərbaycanda məşğulluğun əsas ciddi problemlərindən biri hər hansı sektorlardakı məşğulluğun payı ilə onun ÜDM-də olan xüsusi çəkinin qeyri-mütənasib halıdır.

Halbuki, inkişaf etmiş ölkələrdə bu iki faktor arasında qarşılıqlı əlavə və düz mütənasiblik mövcuddur.

Məsələn, ABŞ-da əmək qabiliyyətli əhalinin 0,8 faizi aqrar sektorda çalışmalarına baxmayaraq bu sektorun ÜDM-də payı 1,2 faiz səviyyəsindədir. Kanada da oxşar vəziyyətdir. Məşğul əhalinin təxminən 2 faizi aqrar sektorda çalışır ki, bunun da illik ÜDM-də xüsusi çəkisi 2,2 faizdir. Azərbaycanda vəziyyət isə tamam baş ayaqdır. Məşğul əhalinin 38 faizi kənd təsərrüfatı sektorunda çalışır. Amma bu sektorun ÜDM-də payı heç 6 faizə çatmır. Demək, sektorlardakı məşğul əhali milli gəlirdə özünün tutduğu paya adekvat dəyər yarada bilmir. Ona görə hökumətlər milli iqtisadi "piroqu” elə bölüşdürməlidir ki, ifrat səviyyədə qeyri-bərabər inkişaf və sonradan yaranacaq böhran zamanı kütləvi işsizlik baş verməsin.

Böhran dövründə isə bu təsir iki qat daha da təsirli olacaq. İşsizliyin mənəvi-psixoloji təsiri və şirkətlərin davranışı İşçiləri işdən azad etmək rəhbərlikdə diskomfort hissi yaradır. Onları işdən azad etmək ağır əzabdır. Əslində ixtisarlara belə gedilsə, bunu yenə də ləyaqətlə və gerçəkliyi ətraflı izah etməklə həyata keçirmək lazımdır. Çünki, bu tənəzzül mərhələsi tərəqqi mərhələsi ilə nə zamansa əvəz olunacaq. Sizə isə peşəkar, dürüst və sədaqətli işçilər lazım olacaq. İşdən azad etdiyinizdən yaxşısını tapmaq çətinliyi sizi hər zaman ruhdan salacaq və seçiminiz zamanı həmin nəzarətlə beləcə qapınızı örtəni xatırlayacaqsız.

Ona görə yola saldığınız işçi ilə etik davranıb və yüksək tərbiyə ilə xudafizləşmək çox vacibdir. Böhranlar insanın daxili dünyasını ifadə edən situativ haldır. Borc öhdəlikləriniz, çöküşün yaratdığı əzab, parlaq cazibədarlığı solğun həyatla əvəzlənməsi, sabaha olan ümidsizlik sizdə mənfi emosiya yaradır. Amma bütün bu neqativ ovqatı cəsarətli və peşəkarlarla yenidən başlamağa cəhd edin. Bunu ixtisara salmaq istədiyin komanda ilə yenidən sınaqdan çıxarın. Yadda saxlayın ki, cəsarətli və ağıllı insanlarla çətin günləri bölüşmək, qorxaq və qeyri-peşəkarlar uğuru bölüşməkdən yaxşıdır.

Cəsarətli insanlar sizin ətrafınızda gurultulu səslə nərilti çəkən deyil, böhranlı vəziyyətlərdə hamının özünü itirdiyi vəziyyətdə sizinlə sonacan birgə qalıb asta səslə və nəzakətini pozmadan "yenidən başlayaq” deyən şəxsdir. Hazırlıqlı şirkət rəhbərin dözümlülüyünü yoxlayan əsas amillərdən biri də istənilən zaman kəsiyində onu yaxalayan böhranlardır. Onun peşəkarlığı antiböhranlı situasiyada necə davranması və komandanı bu prosesdə necə səfərbər etməsidir. Çünki, dünyada elə bir situasiya yoxdur ki, inteltual insan həmin vəziyyətlə bacara bilməsin.

Bu bacarıq isə daha çox bazar iştirakçılarının özlərinin necə aparması və özlərinin hansı formada saxlamasıdır. Təcrübələr göstərir ki, böhran zamanı hazırlıqlı və uğurlu şirkətlər həyacansız olur və soyuqqanlılıqlarını qoruyurlar. Nizam-intizam, özlərinin gücünə inam və rəhbərliyin sayəsində bazar cəsarətlərini itirmirlər. Özünü bazarın sərt təzyiqlərindən qorumağı bacaranlara bazarın özü də sonradan kömək edir.