Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən daxil olan məlumata görə, iclasda BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin qəsdən adam öldürmə və zorlama cinayətləri ilə əlaqədar verilən cəzaların sərtləşdirilməsi haqda təklifi və qanunvericilik təşəbbüsü müzakirə olunub. İdarə Heyətinin üzvləri partiya sədrinin təkliflərini dəstələyiblər. Qurum üzvləri bəzi mətbuat orqanlarında Q.Həsənquliyevin təkliflərinin əsl mahiyyətinin ikinci plana keçirildiyini, ictimai rəyin yanlış istiqamətə yönəldildiyini bildirərək bundan təəssüfləndiklərini vurğulayıblar. İclasda ATƏT-in sədri Kanat Saudabayevin Azərbaycana səfəri də müzakirə edilib və bildirilib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədiyi üçün mövcud şəraitdə aparılan danışıqların bütün məqsədi Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət edəcək.