Ötən il Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə 20,8 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 14,7 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 6,1 mlrd. dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 8,6 mlrd. dollarlıq müsbət saldo yaranıb. İxrac-idxal əməliyyatlarının 53,3%-i Avropa, 32,1%-i Asiya, 13,5%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 18,8%-i İtaliya, 9,7%-i Amerika Birləşmiş Ştatları (ABŞ), 8,7%-i Rusiya Federasiyası, 7,1%-i Fransa, 6,3%-i İsrail, 4,9%-i Türkiyə, 3,3%-i Ukrayna, 3,3%-i Tayvan (Çinin əyaləti), 3,2%-i İndoneziya, 3,1%-i Almaniya, 3,0%-i Çin, 2,9%-i Kanada, 2,3%-i Böyük Britaniya, 2,2%-i Gürcüstan, 2,1%-i Malayziya, 1,6%-i İspaniya, qalan 17,5%-i digər dövlətlərlə aparılıb.