Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yenilənmiş baza prinsiplərini təqdir edir. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. ?Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin Afinada təklif etdikləri münaqişənin nizamlanması üzrə yenilənmiş baza prinsiplərini məqbul hesab edirik?, - deyə E.Məmmədyarov bildirib. Lakin o həmçinin bildirib ki, bu yenilənmiş baza prinsiplərində Azərbaycan tərəfini qane etməyən, həmçinin razılaşma və danışıqların davam etdirilməsini tələb edən elementlər var. E.Məmmədyarovun sözlərinə görə, o, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə əlaqə saxlayıb və Rusiya rəsmisi Ermənistan tərəfinin hələ ki, yenilənmiş baza prinsiplərinə münasibət bildirmədiyini bildirib. Azərbaycanın XİN rəhbəri həmçinin bəyan edib ki, münaqişənin nizamlanmasında mövcud status-kvo qeyri-məqbuldur. Nazir Qazaxıstanın ATƏT-ə sədrliyini və bu ölkənin cari ildə Astanada təşkilata üzv dövlətlərin iştirakı ilə sammitin təşkil olunmasına dair təşəbbüsünü dəstəklədiyini də qeyd edib.