Samir Əsədli: "inqilabdan sonra iranda demokratik hakimiyyət yox, fars rejimi yaradıldı"
Ötən ilin yayından başlayaraq dünyanın və ölkə müxalifətinin ağır basqısı altında
olan İranın fars rejimi ard-arda zərbələr alır. Rejim fəalları özlərini hələ də
əmin-arxayın göstərmələrinə baxmayaraq, rejimin daxilində ciddi gərginlik yaşanır.
Fars rejimi ona ünvanlanan beynəlxalq təhdidlərin reallaşacağı təqdirdə düşəcəyi
vəziyyəti təsəvvür etməklə məşğuldur. Amma İranın fars rejimini sarsıdan sadəcə,
Qərbin savaş xəbərdarlığı və gücləndirdiyi sanksiyalar deyil. İran hakimiyyətinə
əsas zərbəni keçmiş "əqidə qardaşları" vurur. Bu günlərdə 31-ci ildönümü qeyd edilən
İslam inqilabının tanınmış simalarından biri və hazırda ABŞ-da mühacirət həyatı
yaşayan Mohsen Sazegara (Xomeyninin Fransadakı tərcüməçisi və İrana qayıdışında onun
müşayiətçisi olub) fars rejimini "göyə qaldırıb, yerə vurub".
Sazegara etiraf edib ki, inqilabın doğurduğu nəticələr çox uğursuz alınıb. Sazegara
hazırda fars rejiminin ölkəni sadəcə, silah gücünə idarə etdiyini və bunun da
sonunun çatacağını bildirib: "Bir gün xalq hərbçiləri öz qərargahlarına və hərbi
bazalarına geri çəkilməyə məcbur edəcək". Xomeyninin silahdaşı İranın mövcud
hakimiyyətini qəbul etməsə də, Qərbin bu ölkədə hakimiyyət dəyişikliyinə qərar
verməsinin əleyhinədir. Onun fikrincə, bu hüquq yalnız İran xalqına məxsusdur.
Göründüyü kimi, fars rejiminin əsas "külüngçalanlar"ından biri keçmiş fəalliyyəti
haqda təəssüflə danışır. Hər halda, inqilabdan sonra "başı daşa dəyənlər"in sayı
milyonlarladır və onların səsi daha uğadan eşidilməkdədir...
Dünya Azərbaycanlıları Konqresi (DAK) katibliyinin rəhbəri Samir Əsədli 1979-cu il
inqilabının reallaşmasında ciddi çalışmaları olmuş siyasi fiqurların təəssüf dolu
etiraflarının səbəbsiz olmadığını deyir: "Əslində, bu səbəblər barəsində danışmazdan
əvvəl inqilabın baş verdiyi ərəfəni xatırlamaq lazım gəlir. Heç kəsə sirr deyil ki,
İranda şah rejiminin süqutunda Güney Azərbaycanın və türk siyasətçilərin fəaliyyəti
həlledici olub. Yəni İslam inqilabının öndə gedən əsas siması Şəriətmədari olub və
hərəkətverici qüvvənin böyük hissəsini də türklər təşkil edib. İnqilabı yetişdirən
başlıca səbəbsə ABŞ-ın İranda yürütdüyü siyasət və onun nəticəsində İslam dininin
aşağılanması, ölkədə əxlaqsızlığın baş alıb getməsi idi. Xalqın bütün bunlara qarşı
kükrətdiyi qəzəb sonda şah rejiminin çökməsilə sonuclandı. Amma inqilabın
qələbəsindən sonra İrana dönən Xomeyni ayətullah Şəriətmədarilə əldə olunmuş
razılaşmaları həyata keçirməkdən boyun qaçırdı. Belə olan halda, onların
münasibətləri gərginləşdi, Şəriətmədari Qumda ev dustağı oldu və sonra da
öldürüldü. Bundan sonra aparılan siyasət İranda demokratik hakimiyyətin yox, fars
rejiminin qurulmasına yönəldildi. İnqilabın nüfuzlu simaları arasında keçmiş
fəaliyyətinə görə təəssüf hissi keçirən sadəcə, Sazegara deyil. Bir necə ay əvvəl
dünyasını dəyişmiş nüfuzlu Ayətullah Müntəziri də rejimin əsas tənqidçilərindən
birinə çevrilmişdi. O ən sərt formada bəyanlayırdı ki, İran hakimiyyətinin
siyasətində İslam dininin vacib prinsipləri nəzərə alınmır. Bu fikirlərinə görə
təcrid vəziyyətində saxlanılmasına baxmayaraq, Müntəziri ömrünün son günlərinə
qədər fars rejimini tənqidinə son qoymadı. Diqqət
edirsinizsə, tənqidçilərin əksəriyyətini narazı salan əsas məqam budur ki,
inqilabın qələbəsindən sonra hakimiyyət İslam dininin tələblərinə uyğun qaydada
siyasət aparmır. Bir məqamı xatırladım ki, inqilabın qələbəsindən öncə İranda
məzhəbçiliyin bərqərar olunması da nəzərdə tutulmurdu. Yəni fərqli ideyalarla
inqilabi hərəkata qoşulan, onun qələbəsi üçün fədakarlıq göstərən insanlar
gözlədiklərini ala bilməyiblər. Bir sözlə, inqilabdan sonrakı İran İslam
qanunlarıyla idarə olunmadı və bunları razı sala bilməzdi. Şəriətmədaridən
başlayaraq, fars rejimindən narazılıqlar hər zaman olub və bu gün də davam edir.
Xüsusilə son prezident seçkilərindən fars rejiminə qarşı etirazların miqyası xeyli
böyüyüb. Bütün bunlar əhalinin rejimi qəbul etməməsinin və onun dəyişdirilməsi
əzmində olduğunun göstəricisidir. Artıq rəsmi insanlar da bu
şəraitdə yaşamaq-çalışmaq istəmirlər. Son aylarda xeyli İran diplomatının
vəzifəsindən istefa verməsi narazılıqların aşağıdan yuxarı sürətlə yayıldığını
deməyə əsas verir. Fikrimcə, fars rejimindən narazı olan orta və yüksək məmurlar da
öz etirazlarını açıq müstəviyə keçirəcəklər".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50