Dünən Bərdə rayonunun Mərkəzi Kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk Elektron kitabxananın açılış mərasimi keçirilib.Mədəniyyət və Turizm Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdənin tarixinin qədim olduğunu və respublika rəhbərliyi tərəfindən həmişə Bərdənin inkişafına xüsusi önəm verildiyini bildirib. O, kitabxana-informasiya sahəsinin inkişafı ilə əlaqədar Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramının icrası məqsədi ilə aparılan islahatlar haqqında danışaraq kitabxanaların fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulmasının vacib olduğunu qeyd edib. Elektron kitabxananın açılış mərasimindən sonra Əbülfəs Qarayev Bərdə rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub, bir sıra tövsiyə və tapşırıqlar verib. Qeyd edək ki, kitabxana üçün xüsusi Avtomatlaşdırılmış Kitabxana ? İnformasiya Sistemi alınıb, veb-saytı (http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə təqdim edilib. Kitabxananın binası əsaslı təmir olunaraq müasir inventar və avadanlıqlarla təchiz edilib.