Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi araşdırmalarının nəticələrini açıqlayıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, uyğunluq sertifikatları almaq üçün Dövlət Komitəsinə edilən müraciətə baxılaraq, müəssisədə araşdırma aparılıb, hazır məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Verilən məlumata görə, Sabunçu rayonunda yerləşən fiziki şəxs A.M.Dördyola məxsus müəssisədə istehsal olunan ?Bərəkət? əmtəə nişanlı süd məhsulları normativ sənədlərin tələblərinə cavab verməyib. Müayinə nəticəsində müəyyən olunub ki, pendir, xama və qatıq məhsulları mikrobioloji göstəricilərinə görə standartların tələblərinə cavab vermir. Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkarlanıb. Həmçinin, fiziki-kimyəvi göstəricilərə görə xamada yağın kütlə payı, qatıqda isə sinkin (ağır metal) kütlə payı normadan çox olub. Aşkarlanan nöqsanlara görə müəssisəyə sertifikat verilməyib və məhsul istehsalı dayandırılıb.