Bu gün Azərbaycan Dövlət Neft Şirkətində ölkənin ali məktəblərinin tələbələrinə şirkətin təsis etdiyi təqaüdlərin verilməsi mərasimi keçirilib. Qurumun rəhbəri Rövnəq Abdullayev bildirib ki, müsabiqəyə universitetlərdə yüksək qiymətlərlə oxuyan 700-dən artıq tələbə qatılsa da, onlardan cəmi 100-nə təqaüd veriləcək. Əgər əvvəllər müsabiqədə yalnız Neft Akademiyasının tələbəri iştirak edə bilirdisə, bu ildən digər ali təhsil müəssisələrində oxuyanlara da təqaüd veriləcək. Bu il təqaüd alanlar arasında Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitetlərinin, eləcə də Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri də var. ARDNŞ prezidenti bu ildən təqaüdlərin artırıldığını da qeyd edib. Onun sözlərinə görə, hər bir tələbəyə verilən təqaüd 30 manat artırılaraq 70 manata çatdırılıb.